Azad Ruhlu Amsterdam.

0
2750

 

Bu gün Sizlərə, çoxsaylı velosiped, tülpan və su kanalları ilə bir çox səyahətçinin könlünü oxşayan, Hollandiyanın paytaxtı– Amsterdamdan bəhs edəcəm.

Amsterdama ilk səfərim zamanı çox qaça-qaçda idim və istədiyim kimi zövq ala bilməmişdim. Elə bu səbəbdən də, mən ora təkrar qayıtmaq qərarına gəldim.

Ancaq Amsterdam o qədər zəngin, maraqlı və rəngarəngdir ki, ondan doymaq olmur.

İndi isə ora üçüncü dəfə, ancaq bu dəfə Sizinlə birgə səfər edəcəm. J

Amsterdama axşam saatlarında çatdıq. Əşyalarımızı hostelə qoyduq və qərara gəldik ki, ahaa “Qırmızı Fənərlər” küçəsinin tam vaxtıdır. Və budur, artıq oradayıq.

Bəziləriniz indi düşünür ki, orada gözəl qırmızı fənərlər var və Jalə də gedib şəkil çəkdirməyə. 😀

Belə düşünürsünüzsə yanılırsınız, çünki “Qırmızı Fənərlər” küçəsi zərif cinsin nümayəndələrinin toplaşdığı və leqal olaraq intim xidmətlər təklif etdiyi ərazidir.

Bəli, inanmaq çətin olsa da yalnış oxumadınız.

Həmin qadınların işi tam qanuni olmaqla yanaşı, əmək kitabçaları da var. Qadınlar  məsuliyyətli vətəndaş olaraq, bütün vergiləri ödəyirlər. Hətta, onların hüquqlarını qoruyan xüsusi rəsmi qurum belə var. Bu küçənin  çərçivəsində, 16 yaşından yuxarı hər bir xanım yuxarıda qeyd etdiyim vakansiya üzrə çalışa bilər. Necə deyərlər, təki istək olsun.

Burada qadınlar xüsusi şüşə qapıların arxasında durur və müştəri cəlb etməyə çalışır.

Və onu da qeyd edim ki, həmin xanımların şəklini və videosunu çəkmək, qəti qadağandır. Odur ki, heç cəhd də etməyin.

Səfərimizin  ikinci günü isə, keçən gecənin şokundan ayılmaq üçün daha sakit bir məkana getmək qərarına gəldik.

Seçimlər isə, Madam Tüsso muzeyi (biletin qiyməti: 21,25 EUR), Van Gogh muzeyi (20,50 EUR) və Artis Zoopark idi (18 EUR).

Nəticədə, Zooparka getmək qərarı aldıq və yola düşdük.

Unutmadan qeyd edim ki, Amsterdam zooparkı çox böyük və maraqlı olur. Odur ki, əvvəlcədən bura ən azı üç saat vaxtınızı sərf edəcəyinizi nəzərə alın. Ən əsası isə, burada görməyə öyrəşdiyimiz ac, halsız və yazıq canlıların əksini, çox xoşbəxt, həyatlarından razı və onlara uyğun olan təbii mühitdə yaşayan heyvanları görəcəksiniz.

Heyvanların xoşbəxtliyinə şərik olduqdan sonra isə yollandıq ikinci məkanımız olan və xanımların çox sevdiyi brilyantları istehsal edən fabrikə.

“Gassan Diamonds” adlanan bu fabrikdə turistlər üçün ödənişsiz olaraq ekskursiyalar təşkil edilir. Mənə düşən də bunu dəyərləndirmək idi. 

Gəzinti zamanı brilyantların hazırlanması, o cümlədən “Gassan” şirkətinə məxsus 365 qran, həmçinin digər ölçüləri olan, xüsusi brilyantlar ilə yaxından tanış olacaq, tarixi və səciyyəvi xüsusiyyətləri barədə brilyant qiymətində məlumatlar əldə edəcəksiniz.

Unutmadan qeyd edim ki, fabrikin qarşısında suvenir mağazası var və orada yenə ödəniş etmədən çay, kofe içə bilərsiniz.

Əgər ora baş çəkərək brilyantları görmək, yeni məlumatlar əldə etmək və ən əsası, ödənişsiz çaylarından, kofelərindən dadmaq istəsəniz, sadəcə bu link vasitəsi ilə https://www.gassan.com/en/free-tours#toursFormButton  öncədən qeydiyatdan keçməyiniz, daha sonra isə qeyd etdiyiniz tarixdə orada olmağınız kifayətdir.

Kofedən söz açılmışkən, Amsterdam üçün xüsusi məqamlardan biri sayılan, çoxsaylı “Coffee shop”lardan danışmasam olmaz.

İndi düşünürsüz ki, “Burada nə var ki ay Jalə, hələ bunu xüsusi də qeyd edirsən. Onsuz bu avropalılar kofe içməyi sevir də”.

Düzü, əvvəllər elə mən də belə düşünürdüm. Sonra isə Amsterdam kofeşoplarının tamam fərqli olduğunu kəşf etdim. 😀

Necə Fərqli ? Artıq növbəti yazıda əsas odur ki, diqqətiniz məndə olsun! 🙂

Hələlik

Jalə Ələkbərova       

P.S  Əgər yazımı bəyəndinizsə, paylaşmağı unutmayın. Çünki paylaşmaq gözəldir. J

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here